Dr. Fuad Mustafayev
Search
Close this search box.

Bağırsaq infeksiyası

bağırsaq infeksiyası

Məqalədə olanlar

Bağırsaq infeksiyası nədir?

Mədə-bağırsaq infeksiyası mədə və nazik bağırsaqlardan ibarət sistemin iltihabına (qastroenterit) səbəb olan viral, bakterial və ya parazitar infeksiyadır.

Bağırsaq infeksiyasının əsas simptomları ishal, qusma və qarın ağrısıdır. Dehidrasiya mədə-bağırsaq infeksiyalarının əsas səbəbi hesab olunur. Buna görə də itirilmiş mayenin yenidən qəbulu çox vacibdir.

Simptomlarının əksəriyyəti bir neçə gün ərzində yox olur. Bununla belə, yeni doğulan körpələrdə, immun çatışmazlığı olan xəstələrdə və yaşlılarda daha ciddi problemlər yarada bilər. Bu səbəblə dərhal diaqnoz, müvafiq müalicə və infeksiyaya qarşı mübarizə tədbirləri xüsusilə vacibdir.

Bağırsaq infeksiyasına nə səbəb olur?

Bağırsaq infeksiyaları immun sistemini keçərək həzm sisteminə çata bilən bakteriya və ya viruslar kimi antigenlərdən qaynaqlanır.

Bağırsaq infeksiyasına yoluxma xarab olmuş və ya çirklənmiş qida/su qəbul edildikdə, eləcə də yoluxmuş şəxslə qab-qacaq, dəsmal və ya yemək paylaşıldıqda baş verir.

Bəzi qabıqlı balıqlar, xüsusən də çiy və ya az bişmiş midye bu infeksiyaya səbəb ola bilər. Çirklənmiş su viral ishalın əsas səbəbidir, lakin bağırsaq infeksiyasına səbəb olan viruslar daha çox nəcis-oral yolla (yoluxmuş şəxsin tualetdən istifadə etdikdən sonra əllərini yumadan yemək hazırlaması və s.) zamanı yayılır.

Bağırsaq infeksiyalarının növləri hansılardır?

Mədə-bağırsaq infeksiyalarına səbəb ola bilən bir çox mikroorqanizm var. Bunların arasında Rota virusu, xüsusilə uşaqlarda və körpələrdə ishalın ən çox görülən səbəbidir. Rota virusu adətən insandan insana və ya xəstənin hazırladığı yeməkləri qəbul etməklə yayılır. Rotavirusa qarşı peyvənd olmasına baxmayaraq, dünyada, xüsusən də inkişaf etməkdə olan ölkələrdə beş yaşadək uşaqlarda hər il yarım milyondan çox ölümə səbəb olur.

Viruslar arasında ikinci yerdə Adenovirusdur. İshal, qızdırma, sidik kisəsi infeksiyaları və səpgilərlə müşahidə olunur. Lakin ən çox görülən simptom tənəffüs yolu xəstəlikləridir. Xüsusilə uşaqlarda rotavirusdan sonra ishalın ən çox yayılmış səbəbidir.

Kampilobakteriya bütün dünyada qastroenteritlərin ən çox yayılmış bakterial səbəblərindən biridir və iki yaşından kiçik uşaqlarda tez-tez rast gəlinir. Simptomları əsasən bəzi hallarda qanlı ishal, qarın ağrıları, qusma və qızdırmadır. Adətən çiy və ya az bişmiş ətin, xüsusilə də quş ətinin və ya çirklənmiş südün qəbulu ilə yayılır.

Clostridium difficile infeksiyası antibiotiklərlə əlaqəli ishal hallarının 25%-inin əsas səbəbidir. Bədəndəki faydalı bakteriyaları öldürən antibiotiklərin yaratdığı boşluğu doldurur.

Escherichia coli adətən heyvanların və insanların bağırsaq sistemlərində tapılan zərərsiz bakteriyadır. Lakin bu bakteriyanın insanlarda xəstəliklərə səbəb olan patogen növləri də var.

Təhlükəli növü xalq arasında E. coli kimi tanınan Escherichia coli inkişaf etməkdə olan ölkələrdə həm səyahət edənlər, həm də uşaqlar arasında ishalın əsas səbəblərindən biridir.

Adətən insan və ya heyvan nəcisi ilə çirklənmiş suyun qəbulu ilə yayılır. Digər bir ştam, Escherichia coli O157:H7 qanlı ishal, qusma və mədə-bağırsaq infeksiyaları kimi simptomlara səbəb olan Şiqa toksini istehsal edən E. coli bakteriyasıdır.

Bu simptomlar adətən bir neçə gündən sonra yüngülləşsə də, bəzi hallarda kapilyar qanaxma anemiyaya, kəskin böyrək çatışmazlığına və hemolitik uremik sindroma, trombosit səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Müalicə edilməzsə, bu hal böyrək çatışmazlığına səbəb ola bilər.

Eyni zamanda H. pylori adı verilən Helicobacter pylori, qastritə səbəb olan bakteriya növüdür. Buna görə də qastrit və mədə xorasının inkişafına səbəb ola bilər.

Bu növ bakteriya mədə ağrısı və ya bulantıya səbəb olur, ancaq bir çox halda hər hansı bir simptom müşahidə olunmur. Bu bakteriya növünə yoluxanlarda mədə xorası və mədə xərçəngi yaranması riski çoxdur. 

Salmonella qida vasitəsilə yayılan başqa bir bakteriya növüdür. Salmonellaya çox rast gəlinir.  Çiy ət, quşlar, dəniz məhsulları, yumurta ilə yanaşı çiy süd və süd məhsullarında olur. Salmonella simptomları: mədə bulantısı, qusma, qarın ağrıları, ishal, qızdırma və baş ağrısı.

Şigella bakteriyası dizenteriyaya səbəb olur. Bu bakteriya tez-tez insan nəcisi ilə çirklənmiş suda yaranır və yayılır. Bu bağırsaq infeksiyasının yaratdığı dizenteriyanın simptomlarına qarın ağrısı, ishal, qızdırma, qusma, nəcisdə qan, irin və ya seliki misal göstərə bilərik.

Staphylococcus aureus, qida zəhərlənməsi ilə bir-iki gün ərzində qəfil başlayan şiddətli ürəkbulanma, kramplar, qusma və ishal ilə xarakterizə olunan bağırsaq infeksiyasıdır.

Bu patogen bakteriya adətən insanlarda rast gəlinir. Dəri, burun və boğazdakı kəsiklər vasitəsilə yoluxmaq mümkündür. O, həmçinin ət və ət məhsulları, quş əti və yumurta, salatlar, bişmiş məmulatlar və süd məhsulları da daxil olmaqla geniş çeşidli qidalarda görülür.

Əgər görülən simptomlar bağırsaq infeksiyası şübhəsi yaradırsa, lazımi diqanoz nəcis nümunəsinin laboratoriyada müşahidə edilməsindən sonra qoyula bilər. Müalicə müddətində antibiotik qəbulundan öncə antibiotikə həssaslıq testi edilməlidir. Tez qoyulan diaqnoz infeksiyanı nəzarətdə saxlamaq üçün çox vacibdir.

Bağırsaq infeksiyasının əlamətləri hansılardır?

Simptomlar bağırsaq infeksiyasının növündən asılı olaraq fərqlənə bilər. Yetkin insanlarda 40°C-dən yuxarı hərarət varsa və bədən 24 saat ərzində maye saxlaya bilmirsə,

48 saatdan çox davam edən qusma varsa, qanlı qusma, həddindən artıq susuzluq hissi, ağız quruluğu, çox az sidiyə getmə, həddindən artıq halsızlıq, başgicəllənmə, bağırsaqlarda qan varsa, həkimə müraciət edilməlidir.

Uşaqlarda bağırsaq infeksiyasının simptomları 39°C-dən yuxarı hərarət, ağır narahatlıq və ya ağrı, keyimə, həddindən artıq əsəbi olmaq və xüsusilə qanlı ishal ola bilər.

Bu vəziyyətdə dərhal həkimə müraciət etmək lazımdır. Uşaqların susuzluğunu ölçmək üçün içdikləri suyun miqdarı ilə gündəlik ifraz etdikləri sidik miqdarını müqayisə etmək məqsədəuyğun sayılır.

Körpələrdə bağırsaq infeksiyasının əlamətlərinə aşağıdakılar daxildir: 

Bir neçə saatdan çox davam edən qusma, ağızda quruluq, altı saat ərzində uşaq bezini dəyişdirməmək, göz yaşları olmadan ağlamaq, şiddətli ishal və ya qanlı nəcis, ətraf mühitə normal reaksiya verməmək, qeyri-adi yuxulu olmaq və başındakı yumşaq nahiyədə əhəmiyyətli bir çökmə müşahidə edilə bilər. Bu vəziyyətdə körpəni təcili olaraq pediatra aparmaq lazımdır.

Bağırsaq infeksiyasının qarşısını necə almaq olar?

Bağırsaq infeksiyasının qarşısını almaq üçün əllərin lazımi qaydada, ən azı 20 saniyə və tez-tez yumaq lazımdır. Çöldən içəri gəldikdən sonra, tualetdən istifadə etdikdən sonra, yemək yeməzdən və ya yemək hazırlamazdan əvvəl əllərin yuyulması vacibdir.

İstifadə olunan mətbəx qablarını təmiz saxlamaq vacibdir. Virusla çirklənmə riski olan yerlər təmizlənməlidir. Yoluxmuş insanların istifadə etdiyi paltarlarla yanaşı, xüsusilə də torpaqla çirklənmiş paltarlar yuyulmalıdır.

Müalicə üsulları

Bakterial qastroenteritin müalicəsində əksər hallarda yalnız simptomların aradan qaldırılması tələb olunur. Bundan əlavə, atılması lazım olan ən vacib addım rehidratasiya, yəni bədəndə su və maye çatışmazlığının aradan qaldırılmasıdır.

Suyun yoxluğunu kompensasiya etmək üçün maye ağızdan və bəzi hallarda venadaxili olaraq verilə bilər. Rotavirus və adenovirusun törətdiyi infeksiyalar istisna olmaqla, mədə-bağırsaq infeksiyalarının əksər növləri üçün peyvənd yoxdur.

C. Difficile kimi bakteriyaların yaratdığı bəzi bağırsaq infeksiyaları antibiotik istifadəsi ilə pisləşə bilər. Antibiotiklər ümumiyyətlə tövsiyə edilmir, çünki onların viral infeksiyalara heç bir təsiri yoxdur, yan təsirlərə səbəb ola bilər və həddindən artıq istifadəsi bakteriyaların inkişaf riskini artırır. Antibiotiklərdən istifadə yalnız qastroenteritlərin xüsusilə ağır hallarında və ya xəstəliyə səbəb olan xüsusi bakteriya aşkar edildikdə tövsiyə olunur.

Evdə bağırsaq infeksiyasını necə müalicə etmək olar?

Mədə-bağırsaq infeksiyaları üçün özünə qulluq tədbirləri əksər hallarda tövsiyə olunan metod sayılır. Bağırsaq infeksiyası üçün tövsiyə olunan ən təsirli və vacib şey gigiyenaya əməl etmək və su qəbulu artırmaqdır.

Diareyanı pisləşdirə biləcək yüksək lifli qidalardan uzaq durmaq lazımdır. Mədə turşusunu passivləşdirən, ürəkbulanma, qarın ağrısını və ishalı aradan qaldıran, resept tələb olunmayan dərmanlar həkim məsləhəti ilə istifadə edilə bilər.

Antibiotiklər virusların və ya parazitlərin səbəb olduğu mədə-bağırsaq infeksiyalarına kömək etmir. Mürəkkəb bakterial infeksiyalara yoluxan zaman antibiotiklər faydalı olsa da, mürəkkəb olmayan hallarda antibiotiklər faydalı bakteriyaların ölümünə, zərərli bakteriyaların yayılmasına, vəziyyəti uzatmağa və təkrarlanma riskini artıra bilər. Bu səbəblə də, antibiotiklərdən istifadə etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.