Özofagus, ümumiyyətlə qida borusu olaraq bilinir, ağız boşluğunu mədə ilə birləşdirən əzələ borusudur. Qida ilə təmasda olan yemək borusunun daxili səthi düz epiteliya (skvamoz) hüceyrələrlə örtülmüşdür; Bu hüceyrələrin nəzarətsiz çoxalması və xərçəngə çevrilməsinə skvamoz hüceyrəli karsinoma deyilir. Bu tip xərçənglər adətən qida borusunun orta və yuxarı seqmentlərində baş verir.
Qida borusu adenokarsinoması, qida borusu hüceyrələrinin, xüsusən də yemək borusunun aşağı hissəsində mədə tərkibindən təsirlənərək, həzm sisteminin aşağı hissələrindəki hüceyrələrə bənzəyərək (bağırsaq metaplaziyası) xərçəngə çevrilməsi və nəzarətsiz şəkildə çoxalması vəziyyətidir. Bu iki əsas növdən başqa, qida borusu sarkomaları (əzələ hüceyrələrindən yaranan bir xərçəng növü) də nadir hallarda görülə bilər.
Risk faktorları
Qida borusu xərçəngi növündən asılı olaraq aşağıdakı səbəblərdən də yarana bilər:
- Siqaret
- Alkoqol
- HPV
- Axalaziya
- Həddindən artıq isti içkilər qəbul etmək
- Kostik maddələrin udulması
- Tylosis və Plummer Vinson kimi müxtəlif xəstəliklər
Bunlara əlavə olaraq, qida borusunun adenokarsinomaları ilə aşağıdakı şərtlər əlaqələndirilir:
- Xroniki turşu reflü
- Barrett özofagusu (mədə turşusuna məruz qalan qida borusu hüceyrələrində dəyişiklik)
- Piylənmə
Qida borusu xərçənginin əlamətləri hansılardır?
Qida borusu xərçənginin ən çox görülən simptomlarından biri boğulma hissi və udma çətinliyidir. Əvvəla, yalnız bərk qidaların qəbulunda yaşanan çətinlik, xəstəlik irəlilədikcə mayelərin belə çətinliklə içiləcəyi vəziyyətə gəlir. Digər simptomlar arasında aşağıdakilər ola bilər:
- Çəki itirmək
- Qanaxma
- Qara və ya qatranlı nəcis
- Boğuqluq
- Öskürək
- Daimi halsızlıq, yorğunluq (qanaxma nəticəsində yaranan dəmir çatışmazlığı anemiyasına görə)
Qida borusu xərçəginin diaqnozu
Udma çətinliyi və ya səbəbsiz çəki itirmə şikayətləri ilə həkiminizə müraciət etdiyiniz zaman həkiminiz tibbi tarixinizə qulaq asdıqdan və fiziki müayinədən sonra şikayətlərinizə səbəb olan böyümənin (şiş) olub olmadığını müəyyən etmək üçün bəzi testlər tələb edə bilər:
Endoskopiya
Adətən diaqnoz üçün istifadə edilən ilk müayinə üsulu olan endoskopiyada həkim ucunda kamerası olan çevik boru ilə özofagusunuzun içinə baxa bilər və lazım olduqda patoloji müayinə üçün bəzi nümunələr götürə bilər.
Qida borusu və mədənin rentgenoqrafiyası (barium udma testi)
Bu test özofagusdakı anatomik dəyişiklikləri görmək üçün istifadə olunur. X-şüaları altında aşkar edilə bilən maye dərmanın görüntüsü udma və özofagusdan keçərkən əldə edilir.
Kompüterli Tomoqrafiya (KT) Skanı
Qida borusu xərçəngindən şübhə hallarında, şişin ətrafdakı orqanlarla təmasda olub-olmadığını, xüsusən də qaraciyər və ağciyər metastazlarının olub olmadığını müəyyən etmək üçün istifadə olunur.
Endoskopik Ultrasonoqrafiya (EUS)
Bu, endoskopiya üsuluna bənzəyir, lakin ucunda ultrasəs cihazı olan çevik boru vasitəsi ilə şiş üzərində səs dalğalarıyla araşdırma aparılır. Şişin qida borusu divarı daxilində yayılması və dərinliyi ilə ətrafdakı limfa düyünlərinin vəziyyəti araşdırılır.
Pozitron Emissiya Tomoqrafiyası (PET)
Bu nüvə testi hüceyrələrdə aktivliyi ölçmək və mümkün xərçəng sahələri haqqında məlumat əldə etmək üçün istifadə edilə bilər. Xüsusilə uzaq orqanlara, sümüklərə və limfa düyünlərinə mümkün metastazlar haqqında məlumat əldə etmək olar.
Qida borusu xərçəngi necə müalicə olunur?
Qida borusu xərçənginin müalicəsi xərçəngin növünə (skvamoz hüceyrəli xərçəng və ya adenokarsinoma) və mərhələsinə görə edilə bilər. Xərçəngin mərhələsini təyin edən əsas amil xərçəngin qida borusunda dərinliyi və ətraf toxumalara və limfa düyünlərinə yayılmasıdır. Qida borusu xərçəngi tez-tez aşağıdakı orqanlara yayıla bilər:
- Limfa düyünləri
- Ağciyər
- Qaraciyər
- Sümüklər
Kiçik, yayılmamış, hələ xərçəngə çevrilməmiş, lakin xərçəngə çevrilə bilən və ya xərçəngə çevrildiyi yeni təsbit edilən bəzi şişlərdə, uyğun olduğu təqdirdə endoskop vasitəsilə şişin çıxarılması ilə müalicə mümkün ola bilər.
Endoskopik üsullarla müalicəsi mümkün olmayan şişlərdə müalicə olaraq yemək borusunun özofagektomiya deyilən bir hissəsinin cərrahi yolla çıxarılması istifadə edilə bilər. Bəzi hallarda bu cərrahi əməliyyatdan əvvəl və/yaxud sonra kimyaterapiya ilə müalicə dəstəklənə bilər.
Xərçəng digər orqanlara və limfa düyünlərinə yayılıbsa, kimyaterapiya müalicə üsulu ola bilər. Xəstəliyin geniş yayıldığı hallarda xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və udma çətinliyi kimi simptomları azaltmaq üçün kimyaterapiya, radioterapiya, qqiida borusu stentləri (qida borusunu açıq saxlayacaq borular) kimi üsullardan istifadə edilə bilər.